Qax Dövlət Kukla Teatrı oğuzlu uşaqlara “Göyçək Fatma” əsərini təqdim edib

11:08 | 3 May, 2019

Qax Dövlət Kukla Teatrı aprelin 30-dan mayın 3-dək Oğuz rayonunda qastrol səfərində olub. Yaradıcı kollektiv oğuzlu uşaqlara Kəmalə Ağazadənin “Göyçək Fatma” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru Nazim Mahmudov məlumat verib.

Oğuz şəhəri, həmçinin Kərimli, Xaçmaz, Bayan, Qumlaq və Bucaq kəndlərində təqdim olunan tamaşalar uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Yusif Abdurahmanov, rəssamı Mayis Abdullayevdir. Tamaşada rolları Afət Yaqubova, Araz Mehrablı, Nuru Mustafayev, Azər Kərimov, Aynurə Abbasova və başqaları ifa ediblər.

Qax teatrının gələcəkdə bu tamaşa ilə Şəki və Zaqatala rayonlarına da qastrol səfərləri planlaşdırılır.