Bugün professor Amin Babayevin doğum günüdür

15:29 | 5 May, 2019

Amin Babayev 1950-ci il mayın 5-də Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU-nun) Aqronomluq fakültəsinin aqrokimya və torpaqşünaslıq şöbəsini bitirmiş, həmin il M.V.Lomonosov adına Moskva Dövlət Universitetində məqsədli aspiranturaya daxil olmuşdur.

A.Babayev 1976-cı ildə elmlər namizədi, 1995-ci ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır. 1997-ci ildə professor elmi adını almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlamışdır. 1976- 1982 Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Torpaqşünaslıq kafedrasının assistenti, dosenti vəzifələrində çalışmış, 1982-1985 Qərbi Afrika, Mali Respublikasının Katibuqu Kənd Təsərrüfatı İnstitutunun professoru, 1985-1998 Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU-nun ) Torpaqşünaslıq kafedrasının dosenti, professoru, kafedra müdiri olmuşdur, 1996 Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) prezidenti seçilmişdir. 1998-2000 Dövlət Elm və Texnika Komitəsinin nəzdində Gəncə Elm və Texnika Mərkəzinin direktoru, 1997-2011 Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının eksperti vəzifələrində işləmişdir.

2002–ci ildən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM-ın), 2004-cü ildən Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyasının (EUCARPİA-nın), 2004-cü ildən Amerika Torpaqşünaslar Cəmiyyətinin (ССА-nın) və Amerika Aqronomlar Cəmiyyətinin (ASA-nın) üzvüdür.

2007-2014cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq, aqrokimya və ekoloji kənd təsərrüfati kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildən Beynəlxalq “Известия Аграраной Науки” jurnalının redaktor müavini, 2009-cu ildən MDB üzrə «Агрохимэкосодружество»-nun vitse-prezidenti, 2009-cu ildən “Проблемы агрохимии и экологии” beynəlxalq jurnalın redaksiya heyətinin, 2010-cu ildən UNESKO üzrə “İnsan və Biosfera” Azərbaycan Milli Komitəsinin əsərləri məcmuəsinin redaksiya heyətinin, 2012-ci ildən Avrasiya Torpaqşünaslar Cəmiyyətinin üzvüdür.

2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Eroziya və Suvarma İnstitutunda Torpaqların eroziyası laboratoriyasının müdiri vəzifəsində işləyir BMT-nin Beynəlxalq Ekologiya və Həyat Təhlükəsizliyi Elmləri Akademiyasının həqiqi üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 18 may 2010-cu il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.

2010-cu ildə 26-da elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının M.V.Lomonosov adına Ordeni ilə təltif edilmişdir.

Amin Babayev 1957-ci ildə Sarıbaş kənd orta məktəbinin 1-ci sinfinə daxil olur. Bu məktəb qonşu İlisu kənd orta məktəbi ilə yanaşı nəinki Azərbaycan, hətta onun hüdudlarından çox uzaqlarda çalışan və fəaliyyət göstərən bir çox görkəmli ziyalıların təhsil məbədi kimi tanınmışdır. Vaxtı ilə Qax rayonunun “milyoner kolxozu” hesab edilən Lenin ordenli “26 komissar” adına kolxozun 50-ci illərdə tikdiyi iki mərtəbəli müasir məktəb binası, iki böyük kitabxana (məktəbin və kəndin), böyük mədəniyyət evi kənd sakinlərinin fəxr və güvənc yeri olmaqla sarıbaşlı gənclərin formalaşmasında və həyata vəsiqə almasında xüsusi rol oynamışdır. Çox nadir hallarda ucqar Sarıbaş kənd orta məktəbinin məzunları ali məktəbə daxil ola bilməzdi. Tək-tək olurdu belə hal…

1967-ci ildə orta məktəb təhsilini müvəffəqiyyətlə başa vuran A.Babayev Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqrokimya və torpaqşünaslıq şöbəsinə daxil olur. Onu bu şöbəyə kimya elminə böyük həvəsi, bu istiqamətdə hazırlıq səviyyəsi və son anda Qaxdan Bakıya getmək imkanlarının məhdudluğu gətirib çıxarmışdı. O vaxtlar ali məktəb tələbələrini sentyabr ayının 1-dən pambıq yığımına cəlb edərdilər. İnstitutda ilk başlanğıc olan bu tədbirdə fəal iştirakına, işgüzarlığına, müəllim və tələbə yoldaşları ilə davranışına görə onu fakültə komsomol bürosunun üzvü, II kursda fakültə komsomol təşkilatının katibi və institut komsomol komitəsinin büro üzvü seçirlər. A.Babayev III kursun əvvəlində Lenin təqaüdünə layiq görülür. Bu təqaüdün mənəvi və digər tərəfləri ilə yanaşı bir üstünlüyü də maddi tərəfi idi (85 manat-rubl Aminin anası Şəkər xalanın aldığı 15 manat təqaüdlə müqayisədə böyük məbləğ idi).

1972-ci ildə institutda təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elmi Şuranın qərarı ilə A.Babayev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə məqsədli aspiranturaya göndərilir.

Bu, çox məsuliyyətli göndəriş və ağır seçim idi. A.Babayev orta məktəbdə və institutda Azərbaycan dilində təhsil almışdı. Digər tərəfdən MDU və AzKTİ-nin tədris planları arasında olan fərqlər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün böyük çətinlik yaradırdı. Qəbul imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra (MDU-ya məqsədli aspiranturaya başqa ixtisaslar üzrə göndərilmiş digər 2 nəfər həmin səbəbdən daxil ola bilmədilər) A.Babayevin qarşısında onun elmi rəhbəri təyin edilmiş akademik Y.M.Sergeyev tərəfindən belə bir şərt qoyuldu ki, aspiranturanın 1-ci ilində iki namizədlik minimumu ilə yanaşı təhsil fərqlərinin ləğv olunması üçün digər fənlər də mənimsənilməli və fərq imtahanları verilməlidir. Bu belə də oldu, aspiranturanın birinci ilində 2 namizədlik minimumu və 10 fərq imtahanı verildi.

Akademik Y.M.Sergeyev zəmanəsinin çox görkəmli alimi idi. O, Lenin, Dövlət və Lomonosov mükafatlarına layiq görülmüşdü. Onun rəhbərlik etdiyi kafedranın əsası məşhur torpaqşünas M.Filatov tərəfindən qoyulmuşdu və A.Babayevin aspiranturada təhsil aldığı illlərdə həmin kafedrada 120 əməkdaş çalışırdı. Belə bir elmi məktəbin müdavimi olmaq A.Babayevə də nəsib oldu və MDU-da keçən aspirant illəri onun bir alim və ziyalı kimi formalaşmasında çox böyük rol oynamışdır.

A.Babayev 1976-cı ildə akademik Y.M.Sergeyevin rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edərək geologiya–mineralogiya elmləri namizədi alimlik dərəcəsi alaraq təyinatla AzKTİ-nin torpaqşünaslıq və geologiya kafedrasına öz ixtisası üzrə işləməyə göndərilir.

Professor Amin Babayev torpaq mineralogiyası, torpaq münbitliyinin modelləşdirilməsi, aqrar islahatlar, ekoloji kənd təsərrüfatı sahəsində 348 elmi əsərin, o cümlədən – 5 elmi monoqrafiyanın, 173 elmi məqalənin, 22 kitab və kitabçaların, 54 elmi-publisistik məqalələrın, 94 tədris-metodiki işlərin müəllifidir, 16 elmi əsərin elmi redaktorudur.

Yüksəkixtisaslı kadrların hazırlanmasında da alimin böyük xidmətləri vardır. O, 3 elmlər doktorlarının, 8 fəlsəfə doktoru və aspirantın, 3 dissertant və 9 magistrantın elmi rəhbəridir

Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayevin atasıdır.