Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb

13:32 | 18 May, 2019

Dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Qax rayonunda da davamlı iş aparılır. Belə ki, təkcə bu ilin yaz mövsümündə rayon ərazisində 165,5 hektarda yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son üç ildə rayonda 3 min 257 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 84,5 hektara çatdırılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda rayonda 6 min 228 hektar bar verən fındıq bağları var. Ötən il bağlardan 4,8 min ton məhsul tədarük olunub. Bu il rayonda fındıq istehsalının 5 min tondan çox olacağı gözlənilir.