Qaxda Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib

17:22 | 18 May, 2019

18 May Beynəlxalq Muzeylər günü münasibətilə respublikamızın hər yerində olduğu kimi Qax rayonunun Tarix Diyarşünaslıq və İsmayıl Dağəstanlının Xatirə muzeylərində “Açıq qapı” günü elan olunmuşdur.
Rayonun tarixindən, adət-ənənələrindən soraq verən, ekspozisiyada nümayiş olunan minlərlə eksponata 420 nəfər tamaşaçı kütləsi baxmışdır. Bunlar əsasən məktəblilər, uşaq baxcaları və rayonumuzun sakinləri olmuşdur.
Beynəlxalq Muzeylər Günü münasibətilə Tarix Diyarşünaslıq muzeyində görüş keçirilmişdir. Görüşdə Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova və MİHT-nın Qax rayon şöbəsinin sədri Abdul Mustafazadə iştirak etmişdir. Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova muzey işçilərini bayram münasibətilə təbrik etmiş, işlərində uğurlar arzulamışdır.
Tarix Diyarşünaslıq muzeyinin baş fond mühafizi Musayeva Brilyant Ələsgər qızı MİHT-nın Qax rayon şöbəsi tərəfindən Fəxri Fərman və pulla mükafatlandırılmışdır.