Qaxda taxıl biçininə 34 kombayn cəlb olunub

19:34 | 5 İyun, 2019

Cari mövsümdə Qax rayonunda 13 min 815 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 10 min 934 hektarını buğda, 2 min 881 hektarını arpa sahələri təşkil edir. Təsərrüfatlarda artıq arpa biçininə start verilib. Rayonun Ağyazı, Almalı, Zəyəm, Qıpçaq kəndlərinin ərazilərində ilk günlər 157 hektar sahənin arpası biçilib, 380,5 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 24,2 sentner təşkil edir. Ağyazı ərazisindəki təsərrüfatlarda isə hər hektardan 28 sentnerədək məhsul götürülür.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, rayon üzrə taxıl biçini kampaniyasına 34 kombayn, həmçinin lazımi qədər küləşpresləyən aqreqat, şum traktoru, yük maşını, qoşqu və digər texnika cəlb edilib.

Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 13 min 572 hektar taxıl sahəsindən 41 min tondan çox məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 30,2 sentner olub.