Qax Dövlət Kukla Teatrı bayram günlərində Qəbələdə uşaqları sevindirib

23:00 | 7 İyun, 2019

Qax Dövlət Kukla Teatrı Ramazan bayramı günlərində Qəbələ rayonunda “Qafqaz Sport” otelində istirahət edən uşaqlara “Cırtdan” və “Qoğal” xalq nağılları əsasında səhnələşdirilmiş iki tamaşa təqdim edib. Teatrın rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşalarda əsas rolları Afət Yaqubova, Araz Mehrablı, Elnarə Razıyeva və başqaları ifa ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru Nazim Mahmudov məlumat verib.

Direktor bildirib ki, hazırda yaradıcı kollektiv Redyard Kiplinqin “Mauqli” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqləri davam etdirir. Tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Günel Babayeva, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Tamaşada əsas rolları Nuru Mustafayev, Afət Yaqubova, Elnarə Razıyeva, Azər Kərimov, Araz Mehrablı və başqaları ifa edəcəklər. Tamaşa iyulun ikinci yarısında uşaqlara təqdim olunacaq.