Əbdürrəhman Qaxlının “Qaşqaçay” şeiri

01:02 | 9 İyun, 2019

Qax.org.az saytı olaraq, Əbdürrəhman Qaxlının “Qaşqaçay” şeirini sizlərə təqdim edirik…

Füsünkar olsa da Xəzər sahili
Məni çağırsa da nazlı dalğalar,
Bədənim gəzsə də ondan aralı
Ürəyim daima bu kənddə qalar

Bura yollanaram mən darıxanda,
Burda ötüşübdür ömrün xoş çağı.
Məni- öz oğlunu ən çətin anda
Alar ağuşuna ata ocağı.

Burda bulaqların zümzüməsində
Ürəyi oxşayan bir həzinlik var.
Səmadan süzülən qartal səsində
Bu kəndin qızları məhəbbət arar.

Üstaddır təbiət rəssam işində
Burda fırçasının hər cür rəngi var.
Qovaq yarpağının titrəyişində
Musiqi səsi var, şer ahəngi var.

Məni öz hüsnünə məftun eyləyə
Bilməz nə başqa kənd, nə də başqa çay.
Onun qucağında doğuldum deyə
Əzizdir hər şeydən mənə Qaşqaçay.

Füsünkar olsa da Xəzər sahili
Məni çağırsa da nazlı dalğalar,
Bədənim gəzsə də ondan aralı,
Ürəyim daima bu kənddə qalar.