YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov yola salınır – yeni sədr kim olacaq?!

23:30 | 11 İyun, 2019

Yeni Azərbaycan Partiyasının Qax rayon təşkilatı 1993-cü ilin Sentyabr ayının 19-da təsis olunub. Hazırda 5000-dən artıq üzvü olan rayon təşkilatının son illərki fəaliyyəti YAP rəhbərliyi tərəfindən yarıtmaz hesab olunmaqdadır. Odur ki, təşkilatın sədri Nizami Əhmədovun yaxın aylarda vəzifəsindən uzaqlaşdırılacağı barədə fikirlər var.

Belə ki, bu il keçiriləcək bələdiyyə seçkilərində, habelə 2020-ci ildə baş tutacaq Milli Məclisə seçkilərdə YAP Qax rayon təşkilatının daha çevik və mobil şəkildə fəaliyyət göstərməsi əsas hədəflərdən biridir.

Bundan başqa, son aylar ölkə başçısı İlham Əliyevin apardığı islahatlar fonunda daha çevik siyasət yürüdən Yeni Azərbaycan Partiyası əsasən gənc kadrlara üstünlük verməyi planlaşdırır. Sosial şəbəkələrdə xeyli fəallaşan YAP funksionerləri regionlardakı rayon təşkilatlarının da bu müasir çağırışlara cavab verməsini əsas şərt olaraq irəli sürüb.

Bu baxımdan YAP Qax rayon təşkilatının fəaliyyəti uğursuzdur. Belə ki, təşkilatın Facebook və digər sosial şəbəkələrdə ümumiyyətlə səhifəsi yoxdur, keçirilən tədbirlər barədə hər hansı məlumata rast gəlmək mümkün deyil. Mətbuatla iş sıfır səviyyəsindədir. YAP Qax Gənclər Birliyinin Facebook səhifəsindəki sonuncu paylaşım isə 2017-ci ilin 15 Dekabrına təsadüf edir.

Onu da qeyd edək ki, yalnız YAP Qax rayon təşkilatının Qadınlar Şurası Facebookda fəal paylaşımlar edir və partiyanın ideoloji xəttinə uyğun məlumatlar dərc edilir. YAP Qax rayon təşkilatının Qadınlar Şurasının sədri Sevil Əsgərovadır.