Qaxda avtomobildə narkotik daşıyan şəxs tutulub

17:27 | 13 İyun, 2019

Qaxda avtomobildə çətənə bitkisi daşıyan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən rayonu Gərəkli kənd sakini Xəlil İsaxəliyev saxlanılıb. Ona məxsus “Opel” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan əkilib-becərilməsi qadağan olunmuş 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı X. İsaxəliyev həmin narkotik tərkibli bitkiləri Qax rayonu Qorağan kəndi  ərazisində yetişdirdiyini bildirib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.