Qax, Zaqatala və Balakəndə buraxılış imtahanları altı mərkəzdə aparılıb

11:13 | 17 İyun, 2019

Dövlət İmtahan Mərkəzinin iyunun 16-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qax, Zaqatala və Balakən rayonlarında ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının ikinci mərhələsi başa çatıb.
Regional bölmədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, imtahanların keçirilməsi üçün Zaqatalada 3, Balakəndə 2, Qaxda 1 olmaqla, ümumilikdə 6 imtahan mərkəzi ayrılmışdı. İmtahanlarda 2635 şagird, o cümlədən Zaqatala rayonu üzrə 1155, Balakən rayonu üzrə 949, Qax rayonu üzrə 531 şagird iştirak edib. İmtahanların idarə olunmasına bu rayonlarda 19 imtahan rəhbəri və 220 nəzarətçi müəllim cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 nömrəli orta məktəb-liseydə 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında iştirak edib. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan təlimata uyğun olaraq saat 11:00-da başlanıb və 3 saat davam edib.
İmtahan rəhbəri Əziz Məmmədovun bildirdiyinə görə, bu mərkəzdə buraxılış imtahanı Azərbaycan və rus bölmələri üzrə aparılıb. İmtahanın idarə olunmasına ümumilikdə 4 imtahan rəhbəri və 42 nəzarətçi müəllim cəlb olunub.
Regional bölmədən verilən məlumata görə, digər imtahan mərkəzlərində də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsi mövcud təlimata uyğun keçib və heç bir qanun pozuntusuna yol verilməyib.