Qax Damazlıq İpəkçilik Stansiyasında 5-6 min qutu hibrid ipəkqurdu toxumunun hazırlanması nəzərdə tutulur

15:17 | 18 İyun, 2019

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində zəruri işlər görülür. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə yaş barama istehsalı ildən-ilə artır. 2016-cı ildə 71 ton, 2017-ci ildə 244 ton, 2018-ci ildə isə 514 ton yaş barama istehsal edilib. Bu il yaş barama istehsalının 800 tona çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” respublikamızda baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi istiqamətində son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsi və davamıdır.

Dövlətimizin başçısının 2017-ci ildə imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasında əsaslı yenidənqurma işləri aparılıb, müəssisədə əlavə istehsal sahələri yaradılıb və müasir avadanlıqla təchiz olunub. Bu məqsədlə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Stansiya 2018-ci il oktyabrın 28-də istifadəyə verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stansiyanın açılışında iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri Qax Damazlıq İpəkçilik Stansiyasında olub, müəssisənin fəaliyyəti ilə maraqlanıb.

Stansiyanın əsası 1973-cü ildə qoyulub. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırıb. Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi qərarla Qax Damazlıq İpəkçilik Stansiyası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib. Stansiyanın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi 2 min kvadratmetrdən çoxdur. Stansiyanın ərazisində inzibati bina, hər biri ikimərtəbəli olmaqla laboratoriya və inkubasiya mərkəzi, həmçinin hibrid toxumların istehsalı mərkəzi var. Burada, eyni zamanda, ipəkqurdu ailələrinin yemlənməsi binası da yaradılıb.

Müəssisənin direktoru Əkrəm Fətəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, stansiyada tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulur. Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 40 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır.

Stansiya direktorunun sözlərinə görə, bu ildən etibarən müəssisədə tut ipəkqurdu toxumlarının istehsalına başlanılıb. Hazırda stansiyada istehsalçılardan yaş barama qəbulu ilə yanaşı, müxtəlif cins erkək və dişi kəpənəklərin cütləşdirilməsi yolu ilə hibrid ipəkqurdu toxumu hazırlanır. Hibrid toxum xəstəliyə çox dözümlüdür, nəsil vermir və ipəyi də çox keyfiyyətli olur.

Bu il stansiyada 150-200 kiloqram arasında, yəni 5-6 min qutu hibrid ipəkqurdu sənaye toxumunun hazırlanması planlaşdırılır. Növbəti il üçün hədəf stansiyanın özündə 20 min qutu, 2021-ci ildə isə 40 min qutu hibrid ipəkqurdu toxumu hazırlamaqdır. Beləliklə, bir neçə ildən sonra daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq. Xatırladaq ki, bu il Çin Xalq Respublikasından ölkəmizə 20 min qutu hibrid ipəkqurdu sənaye toxumu gətirilərək inkubasiyaya qoyulmuşdu.

Hazırda Qax Damazlıq İpəkçilik Stansiyasında 35 nəfər daimi, 25 nəfər isə mövsümü işçi çalışır. Müəssisə tam gücü ilə işlədikdə işçilərin sayı daha da artacaq.

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınıb. Builki mövsümdə ipəkqurdunun yemlənməsi prosesi zamanı ilk dəfə bağdakı ağacların yarpağından da istifadə olunub.

Facebookda şərh edin