Qax: baramaçılıqda bu il üçün hədəf 35 tondur

19:04 | 19 İyun, 2019

Qax rayonunda istehsalçılardan barama tədarükü davam edir. Kümçülər indiyədək Qax Damazlıq İpəkçilik Stansiyasında yaradılan qəbul məntəqəsinə 28 ton 553 kiloqram yaş barama təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov deyib.
O bildirib ki, bu il rayonda yaş barama istehsalının ötən illə müqayisədə 10 ton artırılaraq 35 tona çatdırılması qarşıya hədəf qoyulub. Cari mövsümdə barama yetişdirilməsi ilə əlaqədar kümçülərə 875 qutu, yəni 16 kiloqram 625 qram ipəkqurdu paylanılıb.
Sektor müdirinin sözlərinə görə, Əmircan kənd sakini Sahib Ramazanov hələlik qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 496 kiloqram yaş barama təhvil verib. Zəyəm kəndindən Nizami Rəcəbov builki mövsümdə 360 kiloqram, Qorağan kənd sakini Şahid Əliyev isə 311 kiloqram yaş barama istehsal ediblər.
Qəbul məntəqəsində barama təhvil verən kümçülərlə söhbət zamanı onlar dövlətin bu sahəyə dəstəyindən razı qaldıqlarını, baramaçılığın çox sərfəli təsərrüfat sahəsi olduğunu bildiriblər. Əlibəyli kənd sakini Nikola Aslamazaşvili AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, o, ikinci ildir ki, barama yetişdirir. Kümçü ailəsi ötən il 25 qram ipəkqurdu toxumunun yetişdirilməsi ilə məşğul olub, 60 kiloqram yaş barama istehsal edib. Kümçü bu il 35 qram ipəkqurdu toxumu bəsləyib. O, bu gün məntəqəyə 125 kiloqram yaş barama təhvil verib.
Rayonun Ləkit-Malax kənd sakini Fikrət Saadov isə dördüncü ildir ki, baramaçılıqla məşğul olur. Gənc kümçü ötən il 150 kiloqram barama istehsal edib. Bu il 40 qram ipəkqurdu toxumunun yetişdirilməsini həyata keçirib. Kümçü hələlik məntəqəyə 50 kiloqram yaş barama təhvil verib. Yaxın günlərdə məntəqəyə yenə də barama gətirəcək.

Facebookda şərh edin