Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Qaxda vətəndaşları qəbul edib

16:19 | 21 İyun, 2019

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov iyunun 21-də Qax şəhərində vətəndaşlarla görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl AAYDA-nın idarə heyətinin sədri S.Məmmədov və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Qax və Zaqatala rayonlarından olan 30-dək vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti AAYDA-nın idarə heyətinin sədri tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, digər müraciətlər üzrə agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Həmin gün, eyni zamanda, agentliyin idarə heyəti sədrinin müavini Əvəz Qocayev Balakən rayonunda 16 vətəndaşın müraciətini dinləyib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.