Əhməd Şahidov Serbiya Respublikası Parlamentinin vitse-spikeri Vladimir Marinkoviç ilə görüşüb

14:14 | 24 İyun, 2019

Hüquq müdafiəçisi Əhməd Şahidov Serbiya Respublikası Parlamentinin vitse-spikeri cənab Vladimir Marinkoviç ilə görüşüb

Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov İyunun 24-də Belqrad şəhərində Serbiya Respublikası Parlamentinin vitse-spikeri cənab Vladimir Marinkoviç ilə görüşüb. Görüş zamanı iki ölkə arasında strateji əməkdaşlıq məsələləri müzakirə olunub, Serbiyanın vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin daha da inkişaf etdirilməsi barədə faydalı fikir mübadiləsi həyata keçirilib.

Hüquq müdafiəçisi Əhməd Şahidovu növbəti dəfə Serbiya Parlamentində salamlamaqdan məmnunluğunu ifadə edən professor Vladimir Marinkoviç Serbiya və Azərbaycan arasında siyasi əlaqələrlə yanaşı, bütün sahələrdə – idman, mədəniyyət, təhsil və elm sahələrində də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Azərbaycanı dost və qardaş ölkə kimi xarakterizə edən cənab Vladimir Marinkoviç iki ölkə arasında strateji əlaqələrin mövcud olduğunu bildirib, beynəlxalq arenada qarşılıqlı dəstək fəaliyyətinin aparıldığını vurğulayıb. Beynəlxalq hüququn ayrılmaz parçası kimi ölkələrin ərazi bütovlüyü məsələsinə toxunan Serbiya Parlamentinin vitse-spikeri həm Azərbaycan, həm də Serbiyanın bu məsələdə prinsipial mövqe ortaya qoyduğunu və iki ölkənin ərazi bütovlüyü məsələsində bir-birini dəstəklədiyini bildirib.

Görüşdən sonra Serbiyanın kütləvi informasiya vasitələri nümayəndələri üçün qısa brifinq keçirilib, jurnalistlərin sualları cavablandırılıb.