Qax rayonunda 2 İyul – Polis Günü qeyd olunub

23:16 | 2 İyul, 2019

Qax Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyinin yaranmasının 101 illiyi münasibətilə tədbir keçirilib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan və xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər polis adının şərəfli ad olduğunu və hər bir polisin bu ada layiq olmağa çalışdığını söyləyiblər. Polisin asayişin keşiyində daim dayanmalı olduğunu vurğulayıblar. Bildirilib ki, istintaqdan yayınmağa çalışan insanların vaxtında aşkar olunaraq istintaqa cəlb edilməsi axtarışların da vəziyyətinin yüksək səviyyədə olmasından xəbər verir. Qeyd olunub ki, ümumiyyətlə, Qax şəhərində hazırda tam əmin-amanlıqdır.

Tədbirdə bir qrup polis əməkdaşı fəxri fərman, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Sonda Azərbaycan polisinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.