Qax-İlisu marşrutu üzrə 35,5 kilometrlik yol yenidən qurulur

14:12 | 3 İyul, 2019

Başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrindən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunun yenidən qurulması uğurla davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qax-İlisu marşrutu üzrə 35,5 kilometrlik avtomobil yolu 4 hissədən ibarətdir. Buraya uzunluğu 13,2 kilometr olan Qorağan-Qax şəhəri hissəsi, 6,3 kilometrlik Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, 7,9 kilometrlik Qax şəhərinin mərkəzi hissəsi – Heydər Əliyev prospekti və 8,1 kilometrlik Qax şəhərinin İlisu kənd hissəsi daxildir.
Hazırda III və IV texniki dərəcəyə uyğun təmir-tikinti işləri görülür. Həmçinin layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsasının inşası aparılır və yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Mövcud piyada səkiləri və yol ayrıcı bərpa olunur, kənarlarına 13,7 min poqonmetr uzunluğunda yeni səki daşları düzülür, 8,7 min poqonmetr uzunluğunda “U” şəkilli dəmir-beton küvetlər, həmçinin beton arxlar inşa edilir. Layihə çərçivəsində Ağçay üzərində 60 metr və Kürmük çayı üzərində 114 metr uzunluğa malik 2 avtomobil körpüsündə əsaslı şəkildə təmir-bərpa işləri aparılır.
Sonuncu mərhələdə10 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçünsə yolboyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, kilometr göstəricisi quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.
Yenidənqurma işləri Qax şəhəri də daxil olmaqla yolboyu yerləşən 9 yaşayış məntəqəsinin 20 minədək əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə hərəkət etməsinə imkan yaratmaqla dağ turizminin inkişafına gətirib çıxaracaq.