Fövqəladə Hallar Nazirliyi Qax rayonunda kompleks mülki müdafiə təlimi keçirib

12:23 | 5 İyul, 2019

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Qax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimə Qax Rayon İcra Hakimiyyətinin Mərkəzi Aparatı, Fövqəladə Hallar Komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri, eləcə də Qax Dövlət Yanğından Mühafizə Hissəsinin və Şimal-Qərb Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb olunub.

Təlim mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması zamanı vaxtında və düzgün qərarların qəbul olunması, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə əməli vərdişlərinin aşılanması məqsədilə keçirilib. Əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarığının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, FHN-in qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Üç mərhələdən ibarət təlimin birinci mərhələsində fövqəladə hadisə zamanı rayon rəhbərliyinin və əhalinin xəbərdar edilməsi, mülki müdafiə qüvvələrinin yüksək hazırlıq rejiminə gətirilməsi, ikinci mərhələdə baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili, üçüncü mərhələdə isə qəza-xilasetmə işlərinin davamı və qəza-bərpa işlərinin yerinə yetirilməsindən ibarət olub. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, radioaktiv mənbənin axtarışı, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların həyat təminatının bərpası məqsədilə çadır şəhərciyində yerləşdirilməsini təmin ediblər.

Kompleks təlimə ümumilikdə 245 nəfərlik şəxsi heyət və 43 texnika cəlb edilib. Tədbirin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilib və qarşıya qoyulmuş məqsədə nail olunub.