Qaxdakı emal məntəqəsi istehsalçılardan yaşıl tütünün qəbuluna başlayıb

22:15 | 7 İyul, 2019

Qax rayonunun təsərrüfatlarında tütün yığımına başlanılıb. Yığılan yaşıl tütün qurudulmaq üçün sahələrdən birbaşa “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir. Emal məntəqəsi mövsümün ilk həftəsində istehsalçılardan 55 ton 725 kiloqram yaşıl tütün qəbul edib.

Emal məntəqəsinin müdiri Polad Mirzəxanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari mövsümdə MMC tərəfindən fermerlərlə bağlanmış müqavilə əsasında rayon ərazisində 405,6 hektar sahədə “Virciniya” və 15 hektarda “Berley” növlü ətirli tütün əkilib. Eyni zamanda, bu il fiziki şəxslər tərəfindən də əlavə olaraq 56 hektarda “Virciniya” və 17 hektarda yerli tütün sortları yetişdirilir.

Məntəqə müdirinin sözlərinə görə, tütünün qurudulması üçün hazırda müəssisədə 60 ədəd odla tütünqurutma kamerası var. Bütün kameralar mövsümə tam hazır vəziyyətdədir. Hazırda 7 kameraya yaşıl tütün qoyulub. Tütün yığımının qızğın çağında kameraların hamısı işlək vəziyyətdə olur.

Məntəqədə 26 nəfər daimi və 17 nəfər mövsümi işçi çalışır. Tütün tədarükü artdıqca, məntəqəyə əlavə mövsümi işçilər cəlb ediləcək.