Builki mövsümdə Qaxda 41 min tondan çox taxıl istehsal edilib

16:49 | 17 İyul, 2019

Qax rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 13 min 815 hektar sahənin məhsulu biçilib, 41 min 143 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 29,8 sentner təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tədarük edilən taxılın 7 min 521 tonu arpa, 33 min 622 tonu isə buğdadır. Arpa sahələrində hər hektardan orta məhsuldarlıq 26,1 sentner, buğda zəmilərində isə 30,7 sentner olub.
Rayon üzrə ən yüksək məhsuldarlıq “Ulu Aqro” MMC-yə məxsus taxıl sahələrində qeydə alınıb. Belə ki, builki mövsümdə cəmiyyətə məxsus 1100 hektar buğda sahəsindən 4 min 165 ton məhsul tədarük edilib. Hər hektardan orta məhsuldarlıq 37,9 sentner olub.