Qax rayonunda antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən sexlərin fəaliyyəti dayandırılıb – SİYAHI

21:20 | 19 İyul, 2019

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.

AQTA-dan “Report”a verilən məlumata görə, aparılan monitorinqlər zamanı Qax rayonunda fəaliyyət göstərən su və alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.

Baxış zamanı texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Sexlərdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, hazır məhsulların analizlərinin aparılmadığı, istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, məhsul istehsalında istifadə olunan xammalın və köməkçi materialların düzgün şəraitdə saxlanılmadığı, üzərinə istehsal tarixinin vurulmadığı və qablaşdırmaların üzərində əvvəlki istehsal tarixinin, saxlanma müddətinin qaldığı müəyyən edilib. Habelə Qax rayonu, Qorağan kəndində yerləşən “Günəş MS” MMC-də istehsal edilmiş “H2O” və “Qax” əmtəə nişanlı suların üzərində minerallaşma dərəcəsinin müəyyən edilmədiyi təqdirdə üzərində “mineral süfrə suyu” yazıldığı məlum olub.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sexlərin fəaliyyəti məhdudlaşdırılıb.

Qax rayonu, Xalidə Həsilova küçəsində yerləşən, fiziki şəxs Yusifli Ülvi Zəfər oğluna məxsus “Ülvi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

Qax rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Əli Sadiq İlqar oğluna məxsus “Sadiq” və “Qax” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

Qax rayonu Qorağan kəndində yerləşən hüquqi şəxs “Günəş MS” MMC-yə məxsus “Sevim”, “H2O” və “Qax” əmtəə nişanlı su istehsalı sexi

İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.