Bu il Qaxın fındıq bağlarından 5 min tonadək məhsul gözlənilir

16:36 | 30 İyul, 2019

Qax rayonunun fındıq bağlarında tezyetişən sortların yığımına başlanılıb. Builki mövsümdə bağlardan 5 min tonadək fındıq tədarük olunması gözlənilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildiriblər ki, dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Qax rayonunda da davamlı iş aparılır. Belə ki, təkcə bu ilin yaz mövsümündə rayon ərazisində 165 hektarda yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son üç ildə rayonda 3 min 257 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 84 hektara çatdırılıb. Hazırda rayonda 6 min 228 hektar bar verən fındıq bağları var. Ötən il bağlardan 4,8 min ton məhsul tədarük olunub.

Rayonda fındığın kütləvi yığımına avqustun ikinci yarısında başlanılacaq.