Respublikanın tanınmış incəsənət xadimi Ziya Məmmədov dünyasını dəyişib

22:29 | 31 İyul, 2019

Məmmədov Ziya Nəsib oğlu 1941-ci il dekabrın 21-də Əmbərçay kəndində anadan olmuşdur. Orta təhsilini Əmbərçay kənd 7 illik orta məktəbində ,sonra isə indiki 1 №-li Qax şəhər orta məktəbində almışdır.
1960 – 1964-cü illərdə Ağdam Dövlət Musiqi Texnikumunun muğam-xanəndəlik sinfini fərqlənmə diplomu ilə bitirən Ziya Məmmədov Qaxda ilk musiqi təhsilli mütəxəssis olmuşdur
1966-1966-cı illərdə hərbi xidmətdə olmuşdur.
1967-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun musiqili komediya aktyoru ixtisası üzrə axşam şöbəsinə qəbul olunmuşdur. Tələbəlik illərində M.Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasında xalq artisti C.Cahangirovun bədii rəhbərliyilə Dövlət Mahnı və Rəqs ansambılında xor artisti işləmiş və paralel olaraq Bakı şəhəri 56,62 saylı ümumtəhsil məktəblərində musiqi müəllimi kimi fəaliyyət göstərmişdir.
1972-ci ildə tələbə olarkən xalq artistləri Şövkət Ələkbərova və bəstəkar Süleyman Ələsgərovun sədrliyilə keçirilən ali məktəblərin “Vokal” müsabiqəsinin laureatı olmuşdur .
İnstitut illərində Nəsibə Zeynalova ilə tələbəlik dövrünü keçirən Ziya Məmmədov məhz əməkdar incəsənət xadimi Səftər Turabovun rəhbərlik etdiyi kursda formalaşaraq 1974-cü ildə xalq artisti,professor Rza Təhmasibin kursunu bitirmişdir. 1973-cü ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının diplom tamaşası kimi təhvil verərkən səhnəmizin korifey sənətkarı Nəsibə Zeynalova – Cahan xala ilə Ziya Məmmədov – Soltan bəy tərəf müqabilləri olmuşlar.
1974-cü ildə Qax rayon rəhbərliyinin dəvəti ilə gənc kadr kimi, ehtiyac olduğundan Dövlət imtahan Komissiyasının musiqili komediya teatrına verdiyi təyinatı pozaraq Qaxa işləməyə gəlmiş və S.Vurğun adına rayon mədəniyyət evinin direktoru vəzifəsində fəaliyyətə başlamışdır. 1974-cü ildə yenicə Tiflis Teatr texnikumunu bitirmiş İsako Zeynalaşvili ilə birgə Kukla teatrının əsasını qoymuşdur.Hazırda bu teatr Qax Dövlət Kukla teatrıdır.1975-1977- ci illər Əməkçilərin I ümumittifaq festivalının respublika turunda bu teatrın aktyoru kimi “qızıl medala” və müsabiqənin vokal üzrə, mərhələsində “laureat” olmuşdur.(Münsiflər heyəti İsmayıl Dağıstanlı, Məlik Dadaşov və Leyla Vəkilova)
1975-ci ildə Qax İncəsənət məktəbində xor müəllimi kimi işləmişdir.Həmin il müsabiqədə Respublika Mədəniyyət Nazirliyi Metod Kabinetinin fəxri fərmanına layiq görülmüşdür.
Ziya Məmmədov 1989-cu ildən Ü.Hacıbəyov adına Qax İncəsənət məktəbində musiqi tarixi və xor fənlərini tədris etməyə başlamışdır.İşlədiyi müddətdə iki səsli xor sənətinin əsasını qoymuşdur.Qüsursuz əmək fəaliyyətinə görə ”Əmək Veteranı” medalı ilə təltif edilmişdir.
2000-ci ildə Respublika Təhsil Nazirliyi xətti ilə xor kollektivlərinə baxış müsabiqəsində diplom və mükafata layiq görülmüşdür. 2003-cü ildə Təhsil Nazirliyi xətti ilə keçirilən müsabiqədə laureat və diploma layiq görülmüşdür.
2007-ci ildə Respublika Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən Respublika İncəsənət məktəbləri xor kollektivlərinə baxış müsaqibəsinin yekun turunda “Ən yaxşı xor drijor”u kimi fəxri fərmanla təltif edilmişdir.
2008-ci ildə milli muğamlarımızın tədrisi məqsədilə onun təşəbbüsü və xahişi ilə Qax İncəsənət məktəbində “Xanəndəlik” sinifi açılmışdır.Həmin sinifdə xalq muğamlarımızı və xalq mahnılarını tədris etmişdir.
2011-ci ilin müsabiqəsində xor kollektivlərinin ən yaxşı “Bədii rəhbər” kimi fəxri fərmana layiq görülmüşdür. (münsiflər heyyətinin sədri- xalq artisti, professor Gülbacı İmanova)
2010-2011-ci tədris ilinin yekunlarına görə Qax İncəsənət məktəbinin hesabat konserti zamanı icra hakimiyyətinin, rayon Mədəniyyət və Turizim Şöbəsinin, rayon Mədəniyyət İşçiləri Həmkarlar təşkilatının, məktəb rəhbərliyinin diplom və mükafatlarına layiq görülmüşdür.