Qaxda “Azərbaycançılıq və müasir dövrün çağırışları” mövzusunda tədbir keçirilib

14:15 | 1 Avqust, 2019

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qaxda “Azərbaycançılıq və müasir dövrün çağırışları” mövzusunda tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə yerli QHT, media, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qax Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Orxan Səmədov çıxış edərək tədbirin əhəmiyyəti barədə danışıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxışında dövlət başçısının ölkənin hərtərəfli inkişafı istiqamətində apardığı siyasətdən, digər sahələrlə yanaşı vətəndaş cəmiyyətinin inkişafına göstərilən dövlət dəstəyi, bu istiqamətdə Şuranın gördüyü işlər və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib.

Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin bölgə üzrə nümayəndəsi Qalib Nəbiyev regionda fəaliyyət göstərən QHT-lər, vətənpərvərliyin təbliği istiqamətində həyata keçirilən layihələr, yerlərdə QHT fəaliyyətinin əhəmiyyəti və dövlət qurumları ilə əməkdaşlıq məsələləri barədə məruzə ilə çıxış edib.

Tədbirdə şuranın dəstəyi ilə hazırlanmış və Zaqatala rayonundan olan şəhidlərə həsr olunan “Zirvədəkilər” bədii-sənədli film nümayiş olunub. Film iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və belə layihələrə verdiyi dəstəyə görə Şuraya təşəkkürlərini bildiriblər.

Tədbir iştirakçıların fəal və maraqlı çıxışları ilə davam edib.