Qaxda keçmiş məhkum evdən oğurluq edib

23:53 | 3 Avqust, 2019

İyulun 20-də Qax rayonu ərazisindəki evlərin birindən qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abdurahmanov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırmalarla onun həmin gün daha bir evdən mobil telefon oğurlaması da müəyyən edilib.

İyulun 19-da Bakı şəhər sakini B.Həsənovun 481 manat pulunu oğurlamaqda şübhəli bilinən N.Abdullayev Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə avqustun 1-nə keçən gecə Surra kəndi ərazisində “VAZ-21011” markalı avtomobildən açıq qalmış qapıdan girmək yolu ilə maqnitofon oğurlamaqda şübhəli bilinən Şıxlar kənd sakini N.Dadaşov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

DİN bir daha vətəndaşların diqqətinə çatdırır ki, avtomobildən qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar və salonda qiymətli əşyalar saxlamasınlar.