2019-cu ilin 6 ayının yekunları ilə bağlı Qax Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

15:32 | 9 Avqust, 2019

Aqrar sahədə həyata keçirilən davamlı tədbirlər nəticəsində 2019-cu ilin birinci yarısında Qax rayonunda kənd təsərrüfatı məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,1 faiz artaraq 26 milyon 636 min manat olub. Hesabat dövründə rayonun kənd təsərrüfatı üçün ənənəvi olan baramaçılıq, tütünçülük və fındıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Barama istehsalı əvvəlki illə müqayisədə 4,5 ton artaraq 29,8 tona çatıb. Bu ildən etibarən rayonda damazlıq barama istehsalına başlanılıb və 2,5 ton yüksək keyfiyyətli məhsul istehsal edilib. Cari təsərrüfat ilində 491,6 hektarda tütün əkilib və fermerlər indiyədək sahələrdən 350 ton yaşıl tütün yarpağı tədarük edərək emal məntəqəsinə təhvil veriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar 2019-cu ilin 6 ayının yekunları ilə bağlı avqustun 9-da Qax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsində bildirilib ki, cari ilin birinci yarısında rayonda iqtisadiyyatın dinamik inkişafına nail olunub. Belə ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq 76 milyon 480 min manatı ötüb. Altı ayda rayonda 7 milyon 732 min manatlıq sənaye məhsulu istehsal edilib. Sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,4 faiz artıb. Altı ayda rayonda 18 milyon 388 min manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib, 418 yeni iş yeri açılıb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə rayonda yeni yaradılan Aqroparkın ərazisində 136 hektar sahədə badam, 36 hektarda qoz və 138 hektar sahədə üzüm bağları salınıb. Yeni meyvə bağlarının salınması üçün nəzərdə tutulan ərazidə damcılı suvarma sisteminin quraşdırılması ilə əlaqədar 10 və 20 min tonluq su anbarlarının tikintisi başa çatdırılıb, 2 ədəd nasos stansiyası quraşdırılıb.
Payızlıq taxıl əkilmiş 13 min 815 hektar sahədə biçin başa çatdırılıb və 41 min 143 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 29,8 sentner olub. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə hesabat dövründə rayonun kəndlərində ümumilikdə, 14 ədəd artezian və subartezian quyusu qazılıb.
Məruzədə, həmçinin cari ilin altı ayında rayonda həyata keçirilən tikinti-təmir işləri barədə də geniş məlumat verilib. Bildirilib ki, hesabat dövründə Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi-Qax-İlisu avtomobil yolunun yenidən qurulması və Qax şəhərində 48 mənzilli yaşayış binasının tikintisi işlərinə başlanılıb. Tasmalı və Əlibəyli kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilib, kənd məktəbləri üçün quraşdırılan 4 modul tipli binada son tamamlama işləri aparılıb. Qax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün yeni inzibati binanın tikintisi işləri davam etdirilib.
Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən layihə çərçivəsində Tasmalı kəndində yem emalı məntəqəsi istifadəyə verilib.
Müşavirədə, həmçinin cari ilin altı ayında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.