Qax rayonunun kümçüləri uzun fasilədən sonra bu il yenidən damazlıq barama yetişdiriblər

18:02 | 10 Avqust, 2019

Ölkəmizdə kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində zəruri işlər görülür.

Əsaslı şəkildə yenidən qurulan və ötən ilin oktyabrında istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyasında bu ildən etibarən tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işlərinə başlanılıb. Əsas məqsəd barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin etməkdir.

AZƏRTAC-ın bölgə müxbiri Qax Damazlıq İpəkçilik Stansiyasında olub, hibrid ipəkqurdu toxumunun hazırlanması prosesi ilə maraqlanıb.

Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, uzun fasilədən sonra bu il Qax rayonunda yenidən damazlıq barama istehsalına başlanılıb və stansiya cari mövsümdə kümçülərdən 2526,8 kiloqram damazlıq barama tədarük edib. Damazlıq barama yetişdirmək üçün Qum, Ləkit və Güllük kəndlərindən olan 86 kümçü ilə müqavilə bağlanılıb və onlara 200 qutu elit toxum paylanılıb. Cari mövsümdə həmin damazlıq təsərrüfatlarda 7236,7 kiloqram yaş barama istehsal edilib. Məhsulun 4709,9 kiloqramı sənaye baraması kimi “Azəripək” MMC-yə təhvil verilib, 2526,8 kiloqramı isə stansiya tərəfindən toxum istehsalı üçün seçilib. Qəbul olunmuş damazlıq baramanın hər kiloqramı üçün kümçülərə 20 manat, sənaye baraması üçün isə 9 manat ödənilib.

Direktorun sözlərinə görə, toxum istehsalı üçün seçilmiş damazlıq baramadan 14 gündən sonra kəpənəklər çıxıb və mayalanmış kəpənəklər toxum düzüb. Toxumun çeşidlənməsi işləri artıq başa çatdırılıb. Hazırda toxumun tələb olunan temperatur rejimində saxlanılması mərhələsi davam edir. Avqustun 30-dan etibarən kəpənəklərin mikroskop analizi və toxumun yuyularaq təmizlənməsi prosesinə başlanılacaq. Xəstə toxumlar çıxdaş edildikdən sonra sağlam toxum qablaşdırılaraq növbəti mövsümdə istifadə edilməsi üçün müəssisənin soyuducularında saxlanılacaq. Seçilmiş damazlıq baramadan 130-135 kiloqram, yəni 5 min qutu ipəkqurdu toxumunun istehsalı gözlənilir.

Əkrəm Fətəliyev bildirib ki, növbəti il üçün hədəf stansiyanın özündə 20 min qutu, 2021-ci ildə isə 40 min qutu hibrid ipəkqurdu toxumu hazırlamaqdır. Beləliklə, bir neçə ildən sonra daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq. Xatırladaq ki, bu il Çin Xalq Respublikasından ölkəmizə 20 min qutu hibrid ipəkqurdu sənaye toxumu gətirilərək inkubasiyaya qoyulmuşdu.

Damazlıq baramanın hər kiloqramı üçün 20 manat ödənilməsi kümçülərin bu sahəyə marağını daha da artıracaq. Qum kəndindən olan kümçü Afər Rəsulov bu il 1 qutu, yəni 19 qram damazlıq ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Kümçünün stansiyaya təhvil verdiyi 76 kiloqram yaş baramanın 32 kiloqramı damazlıq, 44 kiloqramı isə sənaye baraması kimi qəbul edilib. Beləliklə, Rəsulovlar ailəsinə damazlıq barama istehsalından 640 manat, sənaye baramasından isə 396 manat olmaqla, ümumilikdə, 1036 manat vəsait daxil olub. Ləkit kəndindən olan Məqsəd Yusifov da bu il damazlıq barama istehsalından yaxşı gəlir əldə edib. Kümçü stansiyaya təhvil verdiyi 44 kiloqram damazlıq baramaya görə 880 manat, 66 kiloqram sənaye baramasına görə isə 594 manat qazanıb.

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər stansiyanın ərazisində 5 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağı salınıb. Builki mövsümdə ipəkqurdunun yemlənməsi prosesi zamanı ilk dəfə bağdakı ağacların yarpağından da istifadə olunub. Hazırda bağın suvarılması, alaq otlarından təmizlənməsi və bitkinin budanması işləri davam edir.