Qəbul imtahanlarında qaxlı məzunlardan 17 nəfəri 600 baldan yuxarı nəticə göstərib

17:56 | 14 Avqust, 2019

Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Qax rayonunun məzunları üçün uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 299 nəfər qaxlı məzundan 215 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 47 nəfəri 500 baldan, o cümlədən 17 nəfər 600 baldan yuxarı nəticə göstərib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, builki qəbul imtahanlarında Qax şəhər 5 saylı tam orta məktəbin məzunu Əsmər Şıxəmirli 676 bal toplayaraq, rayon üzrə ən yüksək nəticə göstərib. İmtahanlarda həmin məktəbin daha bir məzunu Günay Qaraxova 672,5 bal, şəhər 2 saylı məktəb-liseyin məzunu Murad Şərifzadə isə 661 bal toplamağa müvəffəq olublar.

2018-2019-cu tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran iki məzun Təhsil Nazirliyi tərəfindən qızıl, iki nəfər isə gümüş medala layiq görülüb.