Qaxın iki müxtəlif ərazisində yanğın başlayıb – TƏCİLİ

19:07 | 19 Avqust, 2019

Fövqəladə Hallar Nazirliyi Qaxda baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə, Qax rayonu, Tanqıt kəndi yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək. ​

***

Saat 16:42

Qax rayonun iki müxtəlif ərazisində yanğın başlayıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Şəki-Qax avtomobil yolunun 30-cu kilometrliyində, Qax şəhərinin girişində yol kənarında quru ot və kol-kos sahəsində yanğın başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Ərazidən yüksək gərginlikli elektrik xətti keçdiyindən yanğının söndürülməsində çətinlik yaranıb. Hazırda yanğının genişlənərək yaxınlıqdakı rayon sakinlərinə məxsus əkin sahələrinə və  bağlara keçməsinin qarşısının alınması istiqamətində iş aparılır.

Digər yanğın isə rayonun Tanqıt kəndinin inzibati ərazisində Şəki rayonu ilə sərhəddə biçilmiş taxıl sahəsində baş verib. Bu ərazidə baş verən yanğının söndürülməsi üçün FHN-nin Qax və Şəki rayonlarının DYMH-nin 3 yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Hazırda yanğının genişlənərək digər sahələrə və yaxınlıqdakı meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində işlər görülür.