İcra başçısı Musa Şəkiliyev tələbə adını qazanmış 245 nəfər məzunla görüşüb

22:12 | 29 Avqust, 2019

Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Qax rayonunun məzunları üçün uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 298 nəfər qaxlı məzundan 245 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 47 nəfəri 500 baldan, o cümlədən 17 nəfər 600 baldan yuxarı nəticə göstərib. 2018-2019-cu tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran iki məzun Təhsil Nazirliyi tərəfindən qızıl, iki nəfər isə gümüş medala layiq görülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə avqustun 29-da Qax rayon Mədəniyyət Mərkəzində ali məktəblərə qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək tələbə adını qazanmış gənclərlə rayon ictimaiyyəti nümayəndələrinin görüşündə məlumat verilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Bildirilib ki, Qax təhsili son illər bütün göstəricilər üzrə ölkə təhsilinin ön sıralarında qərar tutur. Ötən dövrdə rayonda təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində çox böyük işlər görülüb. Son 15 ildə rayonda 23 yeni məktəb binası tikilib istifadəyə verilib. Hazırda rayonun Əlibəyli və Tasmalı kəndlərində 216 və 240 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir. Hər iki məktəb yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək. Eyni zamanda, son iki ildə rayonda 10-dək modul tipli məktəb quraşdırılıb.

Rayon təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Babək Heydərov çıxış edərək, ali məktəblərə qəbulun nəticələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, sənəd vermiş məzunların 245 nəfəri və ya 74 faizi ali məktəblərə daxil olub. Onlardan 15 nəfəri xarici ölkələrdə təhsil alacaq. Tələbə adını qazanan gənclərin 54-ü müəllim peşəsinə, 6-sı isə hərbi ixtisaslara üstünlük verib. Tədrisi gürcü dilində olan məktəblərin məzunlarından 28 nəfər ali məktəblərə daxil olub.

Ümumi təhsili qızıl medalla başa vuran, qəbul imtahanlarında 672,5 bal toplayaraq Bakı Dövlət Universitetinə hüquqşünaslıq ixtisası üzrə qəbul olunan şəhər 5 saylı tam orta məktəbin məzunu Günay Qaraxova təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə tələbələr adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıblar.

Facebookda şərh edin