Əhməd Əhmədzadə su təchizatı ilə bağlı təcili göstəriş verdi

03:30 | 30 Avqust, 2019

Şabran rayonunun Pirəmsən və Ərəblər kəndlərinin uzun illərdir suya həsrət qalması ilə bağlı virtualaz.org saytı ötən həftə məqalə yayımlamışdı. Problemin saytımızda  işıqlandırılmasından sonra “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə adıçəkilən kəndlərin su təminatının dərhal həll edilməsi göstəriş verib. Kəndlərə nümayəndə heyəti göndərilib, onlar sakinlərlə görüşərək  problemi yerində araşdırıblar.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov bu barədə redaksiyamıza bildirib.

Onun sözlərinə görə, artıq kəndlərin su ilə təminatına başlanılıb: “Şabran Suvarma Sistemləri İdarəsi, Samur-Abşeron Kanalı İstismar İdarəsi və Samur-Abşeron  Suvarma Sisteminin Yenidən Qurulması layihəsinin həyata keçirilməsi üzrə işçi qrupu əraziyə ezam olunub.  Kəndin su ilə təmin olunması məsələsini araşdırıblar. Həmin kəndlərə 80-100 metrlik su borusunun çəkilməsi məsələsi həllini tapacaq. Hazırda isə alternativ yollarla kəndə suyun verilişi bərpa olunub”.

D. Şərifov bildirib ki, su Ərəblər kəndinə gəlib çatıb, Pirəmsən kəndinə də yaxın vaxtda çatacaq.

Suyun gəlişini Ərəblər sakinləri də təsdiqləyirlər: “Kəndin aşağı hissəsindən keçən kanala artıq su verilib. Biz ümid edirik ki, bu bir neçə günlük olmayacaq, kəndə ya artezian quyuları, ya da Samur kanalından borularla su çəkilişi mümkün olacaq”, – sakinlərdən B. Məmmədova bildirib.

Pirəmsən sakinləri də müvəqqəti yox, daimi suyun çəkiləcəyinə ümidlidirlər: “Biz başa düşürük ki, hazırda Samur kanalında su quruyub, bu da təbiətlə bağlıdır. Amma qonşu kəndlərin suyunun kəsilərək bir neçə günlük bizim kəndə istiqamətləndirilməsini də istəmirik. Ya borular çəkilsin, ya da artezian quyuları qazılsın. Çünki kəndin su problemini başqa cür həll etmək mümkün olmayacaq”, – Pirəmsən sakinləri deyirlər.

Qeyd edək ki, Şabranda təbii su ehtiyatları məhduddur. Son bir neçə on ildə kəndlərin qaz problemi meşələrin qırılmasına, nəticədə isə ətrafdakı bulaqların suyunun qurumasına səbəb olub. Rayonun hətta yüksək dağ kəndlərində belə səhralaşma əlamətləri gözə çarpır. Sakinlər illərdir ki, at və eşşəklə, əl arabaları ilə bir neçə kilometr məsafədən su daşımaq məcburiyyətində qalırlar.

Gülnar Əliyeva

Virtualaz.org