Qax şəhərində regionun təhsil işçilərinin zona konfransı keçirilib

17:55 | 4 Sentyabr, 2019

Ulu öndər Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Ölkədə uğurla reallaşdırılan sürətli innovativ inkişaf siyasəti Azərbaycanı inkişaf göstəricilərinə görə, lider dövlətlər cərgəsinə yüksəldib. Söz yox ki, təhsil sahəsində əldə edilmiş nailiyyətlər də cəmiyyətin dinamik inkişafı ilə birbaşa bağlıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Qax, Zaqatala və Balakən rayonları təhsil işçilərinin sentyabrın 4-də Qax şəhərində keçirilən zona konfransında səsləndirilib.

Rayonların qabaqcıl təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfrans iştirakçıları sonra tədbirin keçirildiyi şəhər 2 nömrəli məktəb-liseyin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.

Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açaraq, təhsilin hər bir dövlətin gələcək inkişaf strategiyasında mühüm rol oynayan əsas prioritetlərdən biri olduğunu bildirib, konfransın işinə uğurlar arzulayıb.

Təhsil Nazirliyinin məsul nümayəndəsi Əsgər Quliyev çıxışında dövlətin təhsil sahəsinə diqqət və qayğısından, ötən tədris ilində qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu strategiyası hazırda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində çox uğurla və sistemli şəkildə həyata keçirilir. 2017-2018-ci tədris ilinin ümumi təhsildə keyfiyyət ili elan olunduğunu xatırladan nazirliyin nümayəndəsi bunun davamı olaraq, 2018-2019-cu tədris ilinin təhsil sistemində ümumi təhsilin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi ili kimi elan edildiyini diqqətə çatdırıb.

Qax Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən Babək Heydərovun hesabat məruzəsində 2018-2019-cu tədris ilində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən geniş bəhs edilib. Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədilə rayonun təhsil işçiləri ötən dərs ilində də əzmlə çalışıb, gənc nəslin təlim-tərbiyəsi sahəsində bir sıra uğurlar qazanıblar.

Diqqətə çatdırılıb ki, 2018-2019-cu dərs ilində rayonun 53 ümumtəhsil məktəbində 7 min 152 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 1226 pedaqoji işçi məşğul olub. Ötən dərs ilində məktəbdənkənar tərbiyə müəssisələrində 1184 nəfər şagird idman və yaradıcılıq dərnəklərinə cəlb edilib. Məktəblərin 32-si birtipli layihə əsasında inşa edilən, 21-i isə uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Hazırda Əlibəyli və Tasmalı kəndlərində 216 və 264 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir. Eyni zamanda, kəndlərdə quraşdırılan modul tipli məktəblərdə tamamlama işləri aparılır.

Bildirilib ki, ali məktəblərə builki qəbul imtahanları Qax məktəbliləri üçün də çox uğurlu olub. Belə ki, qəbul imtahanlarında iştirak edən 298 məzundan 217-si tələbə adını qazanıb. Məzunlardan 47-si 500-700 bal arasında, 17 məzun isə 600 baldan yuxarı nəticə göstərib. Bu il rayon məzunlarının topladığı orta bal 328,7-yə bərabər olub.

Konfransda, həmçinin Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanovun və Balakən Rayon Təhsil Şöbəsinin nümayəndəsinin ötən tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzələri dinlənilib.