Qaxlı arıçılara 216 min manatdan çox subsidiya ödənilib

00:56 | 6 Sentyabr, 2019

“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” ölkə başçısının 2018-ci il 5 mart tarixli Sərəncamının icrası olaraq, cari ildə Qax rayonunda arıçılıqla məşğul olan 797 arıçıya saxladıqları 21 min 684 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 216 min 840 manat subsidiya ödənilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, arıçılığın inkişafına dövlət dəstəyinin göstərilməsi Qax rayonunda da bu sahəyə marağın artmasına səbəb olub. Belə ki, son bir ildə arıçılıqla məşğul olanların sayı 200 nəfərədək, təsərrüfatlarda olan arı ailələrinin sayı isə 4 mindən çox artıb. Cari ilin ötən dövründə rayonda 200 tonadək bal istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə iki dəfəyədək artıb.