Azərbaycanda sahibkarlara güzəştli kreditlər verilməsi üçün əlavə limitlər ayrılıb

22:38 | 6 Sentyabr, 2019

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, iclasda Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxılıb və onlara əlavə kredit limitlərinin ayrılması təmin edilib.

Müvəkkil kredit təşkilatları üçün müəyyən edilən kreditlər, əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, heyvandarlığın, quşçuluğun, intensiv bağçılığın, istixana komplekslərinin inkişafına, sənaye məhsullarının istehsalı sahələrinin, soyuducu anbar kompleksinin yaradılmasına və s. yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılmasına və yeni iş yerlərinin açılmasına əhəmiyyətli töhfə verəcək.

İclasda Fondun fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi aparılıb və müvafiq qərarlar qəbul edilib.

Müşahidə Şurası Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir, eləcə də Fondun vəsaitinin iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə səmərəli yerləşdirilməsi üzrə prioritet istiqamətləri müəyyənləşdirir. Şuranın sədri İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovdur.