Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Qaxda vətəndaşları qəbul edib

15:15 | 7 Sentyabr, 2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 6-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Zaqatala şəhərində, nazirin birinci müavini Əli Abdullayev isə Qaxda vətəndaşlarla görüşüb.

Nazirin qəbulunda Zaqatala və Balakən rayonları, nazirin birinci müavininin qəbulunda Qax sakinlərinin müraciətlərinə baxılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşları dinləyib.

Bir sıra vətəndaş müraciətləri yerindəcə öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.