Qax rayonunda aqrar sektorun uğurları durmadan artır

03:11 | 10 Sentyabr, 2019

Bu il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirənin materialları aqrar sektorda çalışanların üzərinə də mühüm vəzifələr qoyub. Dövlət başçısı həmin müşavirədə qeyd etmişdir ki, kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə, bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır: “Bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.

Dövlət başçısının əminliyinin əsas səbəblərindən biri də kənd təsərrüfatı istehsalı ilə məşğul olan fermer və sahibkarların nümayiş etdirdiyi prinsipiallıq və qətiyyətdir. Həmin qətiyyət Qax rayonunun fermerlərinin fəaliyyətində də açıq şəkildə görünür.
Rayon icra hakimiyyətindən aldığımız məlumatlarda bildirilir ki, 2019-cü ilin ötən dövrü ərzində bitkiçilik və heyvandarlıq məhsulları istehsalının dinamik artımının təmin olunması məqsədilə qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində işlər davam etdirilib. Belə ki, ötən müddətdə 4684 hektar sahədə yazlıq bitkilərin, o cümlədən, 999 hektar sahədə yonca, 392 hektar sahədə tərəvəz, 290 hektar sahədə vələmir, 191 hektar sahədə bostan, 321 hektar sahədə kartof, 1720 hektar sahədə dənlik qarğıdalı əkini aparılıb.
Rayonun ayrı-ayrı ərazilərində 165,6 hektar sahədə yeni fındıq bağları salınıb. Qax üçün ənənəvi istehsal sahələri olan tütünçülüyün və baramaçılığın daha da inkişaf etdirilməsinə xüsüsi diqqət verilib və bu sahədə zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilib. Cari təsərrüfat ilində tütünçülüklə məşğul olan sahibkarlar tərəfindən 455,6 hektar sahədə ətirli “Virciniya”, 19 hektar sahədə “Berley” və 17 hektar sahədə digər tütün növləri olmaqla, cəmi 491,6 hektar sahədə tütün əkini aparılıb. İndiyədək 980 ton yaşıl tütün yarpağı tədarük olunaraq Qax tütün istehsalı və emalı məntəqəsinə təhvil verilib. Tütün dərimi indi də davam edir.
Dövlət başçısının qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri də baramaçılığın inkişaf etdirilməsidir. Bu il rayonda ötən ildəkindən 4,5 ton çox olmaqla 29,8 ton yüksək keyfiyyətli barama istehsal olunub. Cari ildən etibarən rayonda damazlıq barama istehsalına başlanılıb ki, nəticə etibarilə 2,5 ton elit məhsul təhvil verilib. Kümdarlara damazlıq barama istehsalına görə 50,5 min manat, sənaye növlü barama isrehsalına görə 107,4 min manat vəsaitin ödənilməsi, həmçinin istehsal növlü baramanın hər kiloqramına görə 5 manat olmaqla 134,3 min manat subsidiyanın verilməsi təmin olunub.
Dövlət başçımızın yanında keçirilən müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov xatırladıb ki, görülmüş sistemli tədbirlər öz müsbət nəticəsini verməkdədir: “Bütün sahələrdə, həmçinin bitkiçilik və heyvandarlıqda artım müşahidə edilir. Bu il bizim qarşımızda duran əsas vəzifələrdən biri daim fermerlərin yanında olmaq, onların üzləşdikləri problemlərin həllində yaxından iştirak etməkdir. Bizim əsas qayğımız və vəzifəmiz əkin balansımızı təşkil edən taxılçılıqla bağlı olub. Bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib”.
Qaxlılar məmnundurlar ki, taxıl biçini haqqında deyilənlərdə onların da payı vardır. Belə ki, bu il rayonda payızlıq taxil sahələrinin 4991 hektarında gəmiricilərə, ayrı-ayrı ərazilərdə əkin və qeyri-əkin sahələrində ambroziyaya qarşı 193 hektarda kimyəvi mübarizə aparılıb, 230 hektar ərazidə çəyirtkəkimilərə, 758 hektar qarğıdalı sahəsində gövdə kəpənəyinə qarşı kimyəvi mübarizə aparılıb. Nəticədə, 2019-cü ilin məhsulu üçün əkilmiş 13 min 815 hektar payızlıq taxıl, o cümlədən 10 min 934 hektar buğda, 2881 hektar arpa sahələrində biçin uğurla başa çatdırılıb, 33 min 622 ton buğda, 7521 ton arpa məhsulu olmaqla cəmi 41 min 143 ton payızlıq dən istehsal olunub. Payızlıq dənin orta məhsuldarlığı 29,8 sentner təşkil edib.
Xüsusilə vurğulanmalıdır ki, yazlıq və payızlıq əkin sahələrinə görə 2830 nəfər məhsul istehsalçısına 1 milyon 207 min manat yardım verilməsi təmin olunub.
Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv inkişaf etdirilməsinə zəmin yaradan cins maldarlığın inkişafı istiqamətində aparılan tədbirlər davam etdirilib. Belə ki, cari ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,9 ton artaraq 1327,5 tona, süd istehsalı 36,1 tondan 7265,6 tona, yumurta 26 min ədəddən 4 milyon 198 min ədədə çatdırılıb. Ötən müddət ərzində 5 özəl inkubatorda 400 mindən artıq cücə çıxarılaraq əhaliyə satılıb.
Mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün epizootiya tədbirlərinin planauyğun icrası təmin olunub. Hazırda profilaktik və müalicə tədbirlərinin aparılması davam etdirilir.
Rayonda olarkən öyrəndik ki, ixracyönümlü kənd təsərrüfatı məhsullarından olan tütünçülüyün inkişafı daim diqqət mərkəzindədir. Bu sahənin gəlirli olduğunu görən Şotavar kənd sakini Telman Şahmalıyev cari təsərrüfat ilində 25 hektar sahədə ətirli “Virciniya”, 15 hektar sahədə digər tütün əkini aparıb. O, indiyədək 30 ton yaşıl tütün yarpağını Qax tütün istehsalı və emalı məntəqəsinə təhvil verib. Tütün dərimi davam etdirilir. Telman Şahmalıyev deyir ki, kənd təsərrüfatında gəlirli sahələrdən biri tütünçülükdür. Lakin onun mütərəqqi üsullarla becərilməsi və qurudulması üçün yaxşı şərait olmalıdır. Yığılmış tütünün ipə düzülməsi işində həmkəndlilərimin qüvvəsindən istifadə edirəm.
Rayonun Əmircan kəndində yaşayan Sahib Ramazanov baramaçılıq sahəsi ilə məşğul olur. Təcrübəli kümdar deyir:
– Dövlətimizin apardığı siyasət, kənd təsərrüfatına və eləcə də fermerlərə göstərdiyi diqət və qayğıdan çox razıyıq. Bu sahə ilə məşğul olanlar xeyli gəlir əldə edirlər. Mən 2019-ci ildə 510 kiloqram yaş barama təhvil vermişəm. Fakt ondan ibarətdir ki, zəhmət çəkən insanın əməyini dövlət də qiymətləndirir, Allah da. Biz bundan məmnunuq. İnanıram ki, gələn təsərrüfat ilində daha böyük uğurlara imza atacağıq. Çünki bizə göstərilən dövlət dəstəyi ildən-ilə artır.
Rayonun Turaclı kənd sakini Həsən Tarverdiyev uzun illərdir fındıqçılıq ilə məşğul olur. Gəlirli olduğuna görə, son illər fındıq sahələrinə daha çox aqrotexniki qulluq göstərir. Ona görə də bağlarda bol məhsul var. Deyir ki, topladığımız məhsulun daxili bazarlarda satılmasında heç bir problemlə üzləşmirik. Yaxın gələcəkdə dövlətimizin apardığı siyasət nəticəsində xarici bazarlarda da öz yerimizi tutacağımıza inanırıq.
Daha bir fermer – Əlibəyli kəndinin sakini Nikala Aslamazaşvili uzun illərdir taxılçılıqla məşğul olur: “Müxtəlif sahələrdə icarə əsasında 250 hektara yaxın sahədə taxıl əkirəm. Hər hektardan orta hesabla 25-30 sentner məhsul götürürük. Dövlətimiz tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı biz fermerləri daha da ruhlandırır. Görülən işlər, aparılan siyasət və göstərilən diqqət sayəsində kənd təsərrüfatı günü- gündən inkişaf edir. Biz də məmnunuq ki, həmin inkişafa öz töhfəmizi verə bilirik”.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri