Əhalinin siyahıyaalınmasının keçirilməsi üçün Qax rayonunda 4 siyahıyaalma məntəqəsi yaradılıb

21:56 | 10 Sentyabr, 2019

Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən, 2019-cu il oktyabrın 1-dən 10-dək respublikamızda əhalinin növbəti dəfə siyahıyaalınması keçiriləcək. Ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bu mühüm dövlət tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Qax rayonunda da ciddi hazırlıq işləri görülür.
Qax rayon Statistika İdarəsinin rəisi Xəzri Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, siyahıyaalma ölkədə əhalinin həyat fəaliyyətini hərtərəfli xarakterizə edən kompleks göstəriciləri əldə etməklə onların faktiki vəziyyətini öyrənməyə, ötən 10 ildə baş vermiş dəyişikliklərin təhlili və gələcək üçün proqnoz verməyə imkan yaradır. Müstəqillik dövründə sayca üçüncü olan bu siyahıyaalma siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yeri, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və miqrasiyasının səbəbləri və sair haqqında ətraflı məlumatların əldə olunmasına imkan verəcək.
Statistika İdarəsinin rəisi bildirib ki, bu mühüm dövlət tədbirinin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayonda əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılıb, təqvim planı təsdiq edilib. İndiyədək ərazi üzrə siyahıyaalınmanın rayonlaşdırılması aparılıb, şəhər və kənd ərazi dairələri üzrə sxematik xəritələr işlənib, rayon ərazisində 4 siyahıyaalma, həmçinin 39 təlimatçı-nəzarətçi və 193 sayıcı məntəqəsi yaradılıb. Şəhər siyahıyaalma məntəqəsinin tərkibinə 9 təlimatçı məntəqəsi və 45 sayıcı, kənd siyahıyaalma məntəqələrinin tərkibinə isə 30 təlimatçı məntəqəsi və 148 sayıcı daxil edilib. Siyahıyaalma məntəqələrinin işinə mülki-hüquqi müqavilələr əsasında işçilər cəlb olunub. Siyahıyaalmaya cəlb edilmiş təlimatçı-nəzarətçilərin təlimatlandırılması məqsədilə sentyabrın 2-dən 6-dək Statistika İdarəsində seminar-müşavirə keçirilib. Sayıcılar isə iş planına uyğun olaraq, sentyabrın 23-dən 26-dək seminarlara cəlb ediləcəklər.
Əhalinin siyahıyaalınması ilə əlaqədar şəhər ərazisində küçə adlarını bildirən lövhələr vurulub və evlərin nömrələnməsi işi tam başa çatdırılıb.
Xəzri Məmmədov dövlətimizin dayanıqlı inkişaf proqramlarının işlənib hazırlanması və insanların rifah halının yaxşılaşdırılması məqsədilə əhalinin hazırkı siyahıyaalmada aktiv iştirakının vacib dərəcədə əhəmiyyətli olduğunu qeyd edərək, siyahıyaalma prosesində hər bir vətəndaşın sayıcılarla əməkdaşlıq edəcəyinə, siyahıyaalmanın gedişində şəxsi həyata aid bütün fərdi məlumatların qorunaraq konfidensiallığının təmin ediləcəyinə və siyahıyaalmanın yüksək səviyyədə keçəcəyinə əmin olduğunu vurğulayıb.