Yeni dərs ilinin ilk günündə Qax rayonunda 746 şagird ilk dəfə məktəbə gedib

21:13 | 16 Sentyabr, 2019

2019-2020-ci dərs ilində Qax rayonunun 53 ümumtəhsil məktəbində 7 min 152 nəfər şagird təhsil alacaq. Onlardan 746 nəfəri sentyabrın 16-da ilk dəfə məktəb partası arxasında əyləşiblər. On birinci sinifdə təhsil alanların sayı isə 419 nəfərdir. Bundan əlavə, beş yaşlı 442 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub. Qruplarda məşğələlərə oktyabrın 1-dən start veriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni dərs ilinin başlanması münasibətilə sentyabrın 16-da rayonun bütün ümumtəhsil məktəblərində ilk zəng mərasimləri keçirilib.

Rayonun rəhbər işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ilk zəng mərasimlərində çıxış edənlər məktəb kollektivlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.

Təbrik və çıxışlardan sonra yeni dərs ilinin başlandığını bildirən ilk zənglər çalınıb və şagirdlər yay tətili günlərindən sonra yenidən məktəb partası arxasında əyləşiblər.