ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Qax rayonunun Qum kəndində uşaq bağçasını əsaslı təmir etdirib

19:44 | 20 Sentyabr, 2019

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində Qax rayonunun Qum kəndində uşaq bağçasının binası əsaslı təmir olunaraq yenidən istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Elbrus Tağıyev, USAID-in proqram rəhbəri Devit Raflet, İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin rəisi Qalib Məsimov çıxış edərək, rayon icra hakimiyyəti ilə beynəlxalq təşkilat arasında əməkdaşlığın uğurla davam etdirildiyini bildiriblər. Diqqətə çatdırılıb ki, layihə çərçivəsində cari ilin mayında rayonun Tasmalı kəndində yem emalı məntəqəsi də tikilib istifadəyə verilib. Bildirilib ki, uşaq bağçasının təmirinə kənd icması, yerli bələdiyyə və iş adamları da yaxından kömək göstəriblər.

Uşaq bağçasının müdiri, kənd icmasının rəhbəri Gülbahar Muradova bağçanın yenidən qurulmasında əməyi olan qurumların rəhbərlərinə minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. Burada uşaqların sağlam böyümələri üçün hər bir şərait yaradılıb. Dörd qruplu, 75 yerlik uşaq bağçasında 4 yataq və 4 məşğələ otağı, həmçinin idman, tibb və yemək otaqları, mətbəx yerləşir. Binada mərkəzi istilik sistemi quraşdırılıb.

Uşaq bağçasının balaca sakinlərinə hədiyyələr təqdim olunub.