Gürcüstan mətbuatı Qaxda gürcüdilli məktəbin açılışından yazır

19:46 | 20 Sentyabr, 2019

Qax rayonunun Əlibəyli kəndində yeni məktəb binasının istifadəyə verilməsi Gürcüstan mətbuatının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, qonşu ölkədə geniş oxucu kütləsinə malik geotimes.ge, fact2.ge, expressnews.com.ge, newsday.ge informasiya portalları, “Gürcüstan” qəzeti Azərbaycanda müasir tipli, tədrisin bütün tələblərinə cavab verən gürcüdilli məktəbin istifadəyə verilməsini mühüm hadisə kimi qiymətləndirib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin və AZƏRTAC-ın təşəbbüsü ilə dərc olunan materiallarda Prezident İlham Əliyevin 2018-ci ilin oktyabrın 29-da imzaladığı “Qax rayonunun Əlibəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamın əhəmiyyəti xüsusi qeyd olunur.

Məlumat üçün qeyd edək ki, Qax rayonunda 216 şagird yerlik yeni ümumtəhsil məktəbin yeni binası sentyabrın 13-də istifadəyə verilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi