Qax rayon Mərkəzi Xəstəxanasında biabırçılıq: Xəstələrdən belə rüşvət alınır – Video

18:14 | 29 Sentyabr, 2019

İntertv.az-ın məlumatına görə, Qax rayon Mərkəzi Xəstəxanası ilə bağlı şok şikayət: Rüşvət, özbaşınalıq, soyğunçuluq…Rayon Mərkəzi Xəstəxanası demək olar başdan ayağa rüşvətə bürünüb. Qax rayon Xəstəxanası qeydiyyyat otağından başlayaraq həkim müalicəsinə kimi hər bir prosesin öz məzənnəsi var. Vətəndaşlardan alınan rüşvətin qarşılığında belə normal tibbi xidmətin olmamasına görə sakinlər başqa xəstəxanalara daha çox müraciət etmək məcburiyyətində qalırlar.

Buna görə də bölgələrdə səhiyyənin durumu bərbaddır. Görünür, ölkə başçısının bu sahəyə ayırdığı diqqət və qayğıdan sui-istifadə edənlər var. Bu gün həmin regionlardan biri də Qax rayonudur. Qax rayonu gözəl guşələri, istirahət məkanları ilə seçilsə də, səhiyyəsinin durumu digər regionların səhiyyəsindən yaxşı mənada fərqlənmir. Belə ki, Qax Rayon Mərkəzi Xəstəxanası ilə bağlı kifayət qədər şikayətlər var. Baş həkim tibb müəssisəsini öz prinsipləri əsasında idarə edir. Savadlı kadrlar kənarda qalıb, harada savadsız həkimlər, tibb bacıları varsa, hamısı sözügedən xəstəxanada cəmləşib.

İntertv.az-ın məlumatına görə, Baş həkim tibb işçilərini işə götürərkən nəsə tələb edir. Tələb olunan vəsaiti vermədikdə isə həmin şəxs işə götürülmür. Çox təəssüf ki, bu gün cibi dolu amma başı boş həkimlərimiz çoxdur. Əksəriyyəti diplomu pul müqabilində əldə edib. Belə şəxslər nəyinsə müqabilində işlə təmin olunur. Bu hal Qax Rayon Mərkəzi Xəstəxanasında artıq adi hala çevrilib. Odur ki, səhiyyənin durumu acınacaqlı vəziyyətdədir. Hər gün ana və uşaq ölümlərinin sayı artır. Artıq heç kəs öz həyatını ölkədəki həkimlərə etibar etmir. Bölgələrdəki insanlar payataxta, paytaxtdakılar isə ölkə xaricinə üz tuturlar. Lakin ölkə xaricində tibbi xidmətin dəyəri çox yüksəkdir. Buna isə hər kəsin maddi imkanı yol vermir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.