ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Qum kəndində uşaq bağçasını əsaslı təmir etdirib

18:23 | 1 Oktyabr, 2019

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində  rayonun Qum kəndində uşaq bağçasının binası əsaslı təmir olunaraq yenidən istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə rayon İcra Hakimiyyəti başçısının müavini Elbrus Tağıyev, USAID-in proqram rəhbəri Devit Raflet, İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin rəisi Qalib Məsimov çıxış edərək, rayon icra hakimiyyəti ilə beynəlxalq təşkilat arasında əməkdaşlığın uğurla davam etdirildiyini bildirmişlər. Diqqətə çatdırılmışdır ki, layihə çərçivəsində cari ilin mayında rayonun Tasmalı kəndində yem emalı məntəqəsi də tikilib istifadəyə verilmişdir. Bildirilmişdir ki, uşaq bağçasının təmirinə kənd icması, yerli bələdiyyə və iş adamları da yaxından kömək göstərmişlər.
Uşaq bağçasının müdiri, kənd icmasının rəhbəri Gülbahar Muradova bağçanın yenidən qurulmasında əməyi olan qurumların rəhbərlərinə minnətdarlığını bildirmişdir.
Sonra tədbir iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşlar. Burada uşaqların sağlam böyümələri üçün hər bir şərait yaradılmışdır. Dörd qruplu, 75 yerlik uşaq bağçasında 4 yataq və 4 məşğələ otağı, həmçinin idman, tibb və yemək otaqları, mətbəx yerləşir. Binada mərkəzi istilik sistemi quraşdırılmışdır.
Sonda Uşaq bağçasının balaca sakinlərinə hədiyyələr təqdim olunmuşdur.