YAP Zaqatala, Qax və Balakən rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib

20:52 | 8 Oktyabr, 2019

Oktyabrın 8-də Zaqatala şəhərində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Həsənovun sədrliyi ilə YAP Zaqatala, Qax və Balakən rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.

Müşavirədə çıxış edən Əli Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib. O deyib ki, bölgələrdə keçirilən belə görüşlərin əsas məqsədi yerlərdə partiyanın ilk təşkilatlarının işi ilə yaxından tanış olmaq, eyni zamanda, ölkədə gedən proseslər barədə partiya fəallarını bir daha məlumatlandırmaq, onlarla fikir mübadiləsi aparmaqdır.

Baş Nazirin müavini Yeni Azərbaycan Partiyasının yaradılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini yada salıb. Bildirib ki, Ulu Öndər bu partiyanı bugünkü və gələcək Azərbaycan üçün yaradıb. Çünki Heydər Əliyev çox böyük siyasi dünyagörüşünə malik, uzaqgörən şəxsiyyət idi. Dünyada ikinci elə bir şəxsiyyət yoxdur ki, o, Heydər Əliyev kimi hər gün anılsın, xatırlansın”.

Əli Həsənov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaradılmasıdır. YAP zamanın çətin sınaqlarından şərəflə çıxıb, böyük siyasi qüvvəyə çevrilib. Bu gün hakim partiyanın 742 mindən çox üzvü var.

YAP sədrinin müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə ölkəmizdə görülən işləri, xüsusilə də sosial-iqtisadi sahədə qazanılan uğurları konkret faktlarla diqqətə çatdırıb.

Ərazi ilk partiya təşkilatlarının hakim partiyanın yerlərdəki dayaqları olduğunu bildirən Əli Həsənov əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP üzvlərinin fəal iştirak edəcəyinə, yüksək nəticələrə nail olacağına inandığını vurğulayıb.

Müşavirədə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov və YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov çıxış ediblər.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxışında son illər rayonda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb.

Müşavirənin sonunda YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.