Yol polisi Qaxda təhlükəsizlik aylığı çərçivəsində tədbir keçirib

15:54 | 14 Oktyabr, 2019

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin intensivliyinin çox olduğu küçə və yollarda “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki Regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən yol polisinin əməkdaşları bildiriblər ki, küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur. Buna görə də təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsi və şagirdlərə yol hərəkəti haqqında məlumatların verilməsi önəmli məsələlərdəndir.

Daha sonra maarifləndirici aksiya avtomobillərin daha çox hərəkət etdiyi küçələrdə davam etdirilib. Burada şagirdlərə yolu keçən zaman mütləq şəkildə piyada keçidindən istifadə etmələri əyani şəkildə göstərilib. Bundan əlavə, hərəkət iştirakçıları olan sürücülərlə profilaktik söhbətlər aparan polis əməkdaşları onlara nəqliyyat vasitələrini idarə edən zaman diqqətli olmalarının və keçidlərdə piyadalara yol vermələrinin zəruriliyini bildiriblər.

Tədbir çərçivəsində nümunəvi sürücülərə məktəblərin diplomları təqdim edilib.