Qaxın emal məntəqəsinə hər gün 35-45 ton yaşıl tütün kütləsi daxil olur

14:22 | 15 Oktyabr, 2019

“Azərtütün ASK” MMC-nin Qax rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu günədək Qax və Şəki rayonlarının fermer təsərrüfatlarından 2769 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək məntəqədə 378 ton quru tütün istehsal edilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Polad Mirzəxanov məlumat verib.

Müəssisə rəhbərinin sözlərinə görə, hər gün məntəqəyə orta hesabla 35-45 ton yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 60 ədəd odla tütünqurutma kamerasından 58-i işlək vəziyyətdədir. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirilir və tütünün qurudulması prosesi 7-8 gün çəkir.

Qorağan kənd sakini Simran Əhmədov indiyədək məntəqəyə rayon üzrə hamıdan çox – 76 ton yaşıl tütün təhvil verib. Lələli kəndindən Oruc Mahmudov bu günədək emal məntəqəsinə 74 ton, qaxlı fermer Namik Fərhadov 71 ton, Şotavar kənd sakini Telman Şahmalıyev isə 68 ton yaşıl tütün kütləsi gətiriblər.

Rayonda tütün yığımı davam edir.