“Həmin insanları mənə versələr, onları əllərimlə boğardım” – Azər Axşam

15:09 | 15 Oktyabr, 2019

Aktyor: “Mən də onda maraqlıyam ki, görək bu alçaq, qanına susamış, vicdansız, şərəfsiz kimdir ki, bu adam belə addıma əl atıb”

Aktyor, teleaparıcı Azər Axşamın həyat yoldaşı Səbinə Şabanovanın facebook profilindən milli qəhrəmanımız Mübariz İbrahimovu təhqir edən statuslar paylaşılması cəmiyyətdə qəzəb yaradıb.

Hazırda Səbinə Şabanova adlı istifadəçi profilini dondurub. A.Axşam həmin profilin həyat yoldaşına aid olmadığını iddia edir, ancaq bir çox facebook istifadəçiləri qeyd edirlər ki, S.Şabanova uzun müddətdir həmin profildən istifadə edir.

İşin maraqlı tərəfi odur ki, qalmaqalda adı keçən xanım özü susur.

Məsələ ilə bağlı A.Axşamın özü ilə əlaqə saxladıq. O, həmin statusları paylaşan adamın tapılmasında çox maraqlı olduğunu söylədi: “Artıq mən bir çox saytlara açıqlama vermişəm ki, bunun yoldaşımla heç bir əlaqəsi yoxdur. Mənə jurnalist zəng vurub dedi ki, Azərbaycan qaziləri bununla bağlı şikayət ərizəsi yazmaq istəyirlər. Mən də dedim ki, onların yanındayam. Dedim ki, şikayət ərizəsi yazsınlar. Mən də onda maraqlıyam ki, görək bu alçaq, qanına susamış, vicdansız, şərəfsiz kimdir ki, bu adam belə addıma əl atıb. Çox ağrıdıcı bir şeydir. Doğrudan da bu cür hallar çox böyük problemdir. Necə ola bilər ki, bu gün Azərbaycanda internet üzərində olan təhqirlərin qarşısı alınacaq tədbir görülmür. Buna son qoymaq lazımdır. Görün hansı səviyyəyə çatıb ki, artıq ruhları qarşısında baş əyə biləcəyimiz milli qəhrəmanlarımızın adını hallandıraraq bu cür sözlər yazırlar. İnanın ki, həmin insanları mənə versələr, onları əllərimlə boğardım. Mən onun o yazan barmaqlarını qırardım, dırnaqlarını çıxarardım. Sən nə qədər alçaq, vicdansız, şərəfsiz adamsan. Sənin qəlbində Azərbaycan qanı axmırmı ki, bir azərbaycanlı qadının adından bu cür şeylər yazırsan. Sənin anan, bacın, arvadın yoxdurmu?   Sən bir azərbaycanlı qadının adından bu kəlmələri necə yaza bilərsən? Belə bir biabırçılıq olmaz.

Bu son həddir. Üçüncü dəfədir ki, bu cür hallar yaşayıram. Fikirləşirəm ki, bu xaricdən olan bir şeydir. Üç ay bundan qabaq 83 yaşlı anamın adından İnstagram səhifəsi açdılar. Orada sənət adamları anamın adından təhqir olunurdu. Nadir Qafarzadə təsəvvür edin ki, zəng etdi ki, bu ananın səhifəsidir? Arxasınca Bayram Nurlu anamın adına açılan səhifədə söyüldü. Axırda gördüm ki, bunların qarşısını almaq olmur, 102-ni yığdım. Oradan məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yönləndirdilər. Orada kiber cinayət şöbəsi var, ora getdim. Ərizə yazdım ki, şikayətçiyəm, bu şəxs tapılsın. Oradan xəbər verdilər ki, araşdırdıq, bu səhifə bir internet klubda açılıb, sonra bağlanılıb. Yoldaşımın adına profilin fəaliyyət göstərdiyindən xəbərsiz olmuşuq. Oradakı ailə fotosu oğlum 3-cü sinfi bitirərkən çəkilib. Müəlliməsi və yoldaşımla oğlumun şəkli çəkilib. Həmin şəkli paylaşmışdım və oradan götürülüb. Yoldaşımın feysbuq profili ümumiyyətlə olmayıb. Sadəcə İnstaqram səhifəsi var və orada azsaylı adam var. Çünki sənət adamı deyil”.

Qeyd edək ki, milli qəhrəmanımızla bağlı belə xoşagəlməz hallara ilk dəfədir rast gəlmirik. Onun haqqında ya real, ya da saxta profillərlə bu cür təhqirləri, tənqidləri indiyə qədər az görməmişik. Gündəmə gəlmək istəyən bəzi bədxahların bu cür üsullardan istifadəyə əl atmaları təəssüflər olsun ki, adi hala çevrilməkdədir. M.İbrahimov burada tək deyil. Digər milli qəhrəmanımız, Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirən Ramil Səfərov haqqında da belə statuslara, açıqlamalara ara-sıra rast gəlirik. Bütün bunlar da haqlı olaraq o sualları ortaya çıxarır ki, qanunla qəhrəmanlarımıza, şəhidlərimizə, dəyərlərimizə dil uzadan insanlar cinayət əməlinə yol verirlərmi və əgər belədirsə, onları hansı cəzalar gözləyir.

Digər tərəfdən başqa birisinin adi ilə yaxud saxta profillə belə paylaşımlar edənləri xüsusi xidmət orqanları üzə çıxara bilərmi? Onları tapmaq asandırmı kimi suallar müzakirə edilir.

İlham İsmayıl ile ilgili görsel sonucu

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl MTN-də (indiki DTX) işlədiyi dövrdə sosial şəbəkələrin olmadığını söylədi: “Kiber hücumlar deyilən bir şeylər var. Bu məsələlər daha çox təhlükəsizlik məsələləridir. Bununla bağlı yəqin ki, xüsusi xidmət orqanının nəsə bir strukturu var. Amma bu məsələ dövlət məsələsi olanda onlar qarışa bilərlər. Dövlət təhlükəsizlik məsələsi olmayanda, çətin qarışarlar. Xüsusi bir gərginlik yarananda müdaxilə olunur”.

Hüquqşünas Əlövsət Allahverdiyev ile ilgili görsel sonucu

Hüquqşünas Əlövsət Allahverdiyev məsələyə bu cür şərh verdi: “Əvvəla, bir məsələni qeyd edim ki, “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamədə göstərilir ki, “Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Milli Qəhrəman ölkəmizin ən yüksək fərqlənmə dərəcəsi olduğu üçün hər bir vətəndaş bu ada ehtiramla yanaşmalı və onu qorumalıdır. Məsələ burasındadır ki, biz demokratik, hüquqi dövlətdə yaşayırıq, əgər kimsə milli qəhrəmanlar haqqında fikir söyləyirsə (təhqir deyil, sadəcə fikir) buna kimsə nəsə deyə bilməz, bunun üçün qanunda bir cəza mexanizmi də yoxdur. Əgər biz qanunda nəzərdə tutulmadığı halda cəza mexanizmini işə salarıqsa, o zaman ifadə azadlığını, sərbəst fikir bildirmə azadlığını pozmuş olarıq. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə, hər hansı bir şəxs söylədiyi fikirlərə görə deyil, konkret əmələ görə cinayət məsuliyyətinə cəlb olunur. Bu səbəbdən də söylənilən fikrə görə vətəndaşı cəzalandırmaq, cinayət məsuliyyətinə cəlb etmək qanunvericilikdə nəzərdə tutulmur. Əgər milli qəhrəmanlara qarşı fikir söylənilən zaman təhqirlərə, aşağılayıcı ifadələrə yol verilərsə, əlbəttə, bu zaman vətəndaş artıq təhqirə görə məsuliyyət daşıyır və cəzalandırılmalıdır. Bununla bağlı qanunlara hər hansı müddəanın salınması mümkün deyil, hansı müddəa salınsa belə insan hüquq və azadlıqlarını pozmuş olacaq.

Cinayət Məcəlləsinin 148-ci maddəsində göstərilir ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Düşünürəm ki, xanımın ifadələrində təhqir varsa o, bu maddə ilə qanunamüvafiq şəkildə məsuliyyətə cəlb oluna bilər. Qeyd olunduğu kimi, bu sosial şəbəkə vasitəsilə yayılıbsa, təbii ki, həmin şəxs, saxta profillərdən istifadə etmiş olsa belə hüquq mühafizə orqanları əməkdaşları tərəfindən müəyyənləşdirilə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”