Qaxda dövlət müstəqilliyimizin 28-ci ildönümü qeyd edilib

21:28 | 18 Oktyabr, 2019

övlət müstəqilliyimizin bərpa edildiyi ilk illər Azərbaycan tarixinin mürəkkəb və çətin, eyni zamanda, şərəfli dövrü olub. Ulu öndər Heydər Əliyev şəxsiyyəti xalqımızı müdrik siyasəti ilə keçid dövrünün ağır sınaqlarından şərəflə çıxarıb. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutub, müstəqilliyimiz daha da möhkəmlənib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə oktyabrın 18-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır” mövzusunda tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbirdə çıxış edərək, XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlar barədə danışıb.

Bildirilib ki, xalqımız əsrlər boyu müstəqillik qazanmaq, azad və suveren dövlətdə yaşamaq arzusunda olub. Lakin zəngin sərvətlərə malik olan, əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanı imperiya qüvvələri daim öz təsiri altında saxlayıb, onun müstəqil dövlət kimi fəaliyyətinə yol verməyiblər. Xalqımız öz azadlıq və müstəqillik arzusunu uzun illər ürəyində saxlamaq məcburiyyətində qalıb. 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni dövrü – müstəqil inkişaf dövrü başlanıb.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərovanın məruzəsində vurğulanıb ki, Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini getdikcə daha da möhkəmləndirir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanınması, qazanılan uğurlar əminliklə söyləməyə əsas verir ki, dövlət müstəqilliyimiz bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaq.

Tədbirin sonunda müstəqil Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edən film nümayiş olunub.