Qax rayonunda 18 bələdiyyəyə 166 üzv seçiləcək

18:20 | 7 Noyabr, 2019

112 saylı Qax seçki dairəsində bu il dekabrın 23-nə təyin edilmiş növbəti bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri görülür. Builki seçkilərdə Qax rayonu üzrə 18 bələdiyyəyə 166 üzv seçiləcək. Səsvermə dairənin rayon ərazisində fəaliyyət göstərən 58 seçki məntəqəsində keçiriləcək.

Dairə seçki komissiyasının sədri Abdukərim Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi davam edir. Noyabrın 7-dək 289 nəfərin namizədliyi irəli sürülüb. Onlardan 166 nəfəri Yeni Azərbaycan Partiyasını, 4 nəfər isə Ana Vətən Partiyasını təmsil edir. 119 nəfərin namizədliyi öz təşəbbüsləri ilə irəli sürülüb.

Dairənin tərkibinə daxil olan bütün seçki məntəqələri səsvermə gününə tam hazır vəziyyətdədir. Səsvermənin şəffaf və demokratik keçirilməsi üçün bütün seçki məntəqələri lazımi texniki avadanlıq və vasitələrlə təchiz edilib. Dairə üzrə seçicilərin ümumi sayı 42 min 706 nəfərdir.