Qaxda fındıq istehsalı artıb

18:31 | 7 Noyabr, 2019

Qax rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 4 min 848 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 43 ton artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Qax rayonunda da davamlı iş aparılır. Belə ki, təkcə bu ilin yaz mövsümündə rayon ərazisində 165 hektarda yeni fındıq bağları salınıb. İlin sonunadək daha 200 hektaradək sahədə yeni bağların salınması nəzərdə tutulur. Ümumiyyətlə, son üç ildə rayonda 3 min 256 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 84 hektara çatdırılıb. Bu bağların 6 min 228 hektarı barverəndir.