Qax məktəbliləri: Tur-aksiya sayəsində ölkəmizin regionları barədə biliklərimiz daha da dərinləşəcək

15:50 | 13 Noyabr, 2019

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən Qax məktəbliləri respublikamızın cənub bölgəsinə yola düşməzdən əvvəl sevinc hislərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər.

Qax şəhər 2 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Fuad Kərimli fikirlərini belə ifadə edib: “Belə bir möhtəşəm layihədə iştirak etdiyim üçün qürur hissi keçirirəm. Ölkəmizin cənub bölgəsinə səfər etmək, Lənkəran, Masallı, Astara rayonlarında olmaq çoxdankı arzum idi. Şübhəsiz ki, bu ekskursiya biz məktəblilərin Azərbaycanın tarixi, ölkəmizin ayrı-ayrı regionları ilə bağlı biliklərimizin dərinləşməsinə müsbət təsir göstərəcək”.

Zəyəm kənd tam orta məktəbin 11-ci sinif şagirdi Səma Əmranlı da layihənin iştirakçısı olduğu üçün sevinc hissi keçirdiyini deyib: “İlk dəfədir respublikamızın cənub bölgəsinə səfər edirəm. Gedəcəyimiz rayonların tarixi məkanlarını, görməli yerlərini, çay plantasiyaları və sitrus meyvə bağlarını indiyədək televiziya ekranlarından izləyirdim. İndi isə bütün bunları öz gözlərimlə görəcəyəm. Bizə bu sevinci yaşatdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.