YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər

19:23 | 21 Noyabr, 2019

Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 27 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası (YAP) şərəfli bir yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. İyirmi yeddi illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən YAP xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, bu fikir Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə noyabrın 21-də YAP Qax rayon təşkilatında keçirilən yığıncaqda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Yığıncağı YAP rayon təşkilatının sədri Nizami Əhmədov açaraq, yaranmasından 27 il ötən Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını, avanqard siyasi qüvvəyə çevrildiyini diqqətə çatdırıb.

Partiyanın rayon təşkilatının aparat rəhbəri Natiq Allahverdiyevin “Yeni Azərbaycan Partiyası – qüdrətli Azərbaycan naminə” mövzusunda məruzəsində YAP-ın yaranma tarixindən, ulu öndər Heydər Əliyevin partiya həyatındakı fəaliyyətindən, partiyanın seçkilərdəki qələbəsindən, 27 ildə əldə etdiyi uğurlardan ətraflı bəhs edilib. Bildirilib ki, zəngin və siyasi mübarizələrlə dolu şanlı tarixi olan Yeni Azərbaycan Partiyası 27 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, silinməz izlər qoyub. Ümummilli Liderin rəhbərliyi ilə formalaşaraq siyasi həyata vəsiqə alan YAP ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış edib. Azərbaycanın son 27 ildə keçdiyi yola nəzər salarkən YAP-ın xalqın və dövlətin taleyində mühüm rol oynayan partiya olduğu bir daha təsdiqini tapır.

Diqqətə çatdırılıb ki, 71 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının hazırda 4695 nəfər üzvü var. Təşkilat üzvlərinin 55 faizini qadınlar, 43 faizini gənclər təşkil edir. Partiya üzvləri rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar.

Yığıncaqda YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova, təşkilatın Şura üzvləri Xalid Heydərov, Güllü Əhmədova, Aygün Camalova, partiyanın veteran üzvü Əbdürrəhman Aşurov çıxış edərək, bu gün öz sıralarında 740 mindən çox partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyasının güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza, monolit birliyə malik siyasi qüvvə olduğunu bildiriblər. Vurğulanıb ki, Heydər Əliyev ideyalarının layiqli davamçısı olan Prezident İlham Əliyev hazırda partiyaya uğurla rəhbərlik edir.

Yığıncağın sonunda partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Facebookda şərh edin